fbpx

Həzrə Türbələri

Həzrə Türbələri

Qəbələyə gəzməyə gedərkən Həzrə kəndindəki türbələri mütləq ziyarət edin. Bu əsrarəngiz yerin keşiyini çəkən Elman dayıya, bizə bu türbələr haqqında ətraflı məlumat verdiyinə görə təşəkkürümüzü bildiririk.

Adının mənası “ev,ocaq,yaşayış yeri” olan Həzrə kəndi dedikdə ilk növbədə meşə içərisində “qorunub qalmış” 4 türbə yada düşür. Zamanında ümumi sayı 7 olmuş, bu gün 4-dürlər.
1. Şeyx Bədrəddin (XV əsr)
2. Şeyx Məhəmməd (XV əsr)
3. Şeyx Mənsur (XVI əsr)
4. Şeyx Bani (XVI əsr)
2 türbə üzərindəki kitabələr “onların Şah Təhmasibin hökmranlığı zamanı tikildiyini” bəyan edir. Şeyx Bani türbəsi üzərindəki kitabədən isə memarın adı da məlum olur – “Ustad Şamaxılı Şəmsəddinin işi”. Ustadın işləri arasında həmçinin Ağsudakı XVI əsrə aid Şeyx Məzid türbəsi (Şıxməzid xanəgahı) də qeyd edilir.
Türbələrin meşə içərisində qalmaları onların mistik abu-havasına əlavə rəng qatır və onlar mütləq qaydada dini turizm marşrutunun bir hissəsi olmalıdırlar. Amma burada bəzi məsələlər həll edilməli və yeniliklər tətbiq edilə bilər.
1. Əslində Həzrəyə gedib çıxmaq çox asandır. Lakin burada əsas problem səliqəli ana yoldan dönən kimi yaranan yol narahatlığıdır ki, onun asfalt yola dəyişdirilməsi ümumi işə yalnız müsbət təsir göstərə bilər.
2. 3 türbə üzərində mənsubluq qeyd edilmiş, biri üzərində mənsubluq yoxdur. Lakin ümumilikdə bu köhnəlmiş lövhələr ləğv edilməli, müasir texnoloji QR kodlar tətbiq edilməli və məlumatlar bir neçə dildə daxil edilməlidir.
Təsəvvüf “dünyasının” geniş arealını nəzərə alsaq Həzrə türbələrini böyük diqqət mərkəzinə salmaq olar
P.S. meşədəki qədim sənduqələr xüsusi diqqət cəlb edir. Onlar üzərində müxtəlif naxışlarla yanaşı, bəzəkdə haşiyə, qaytan və müxtəlif xalça şəklində kitabə motivləri də işlənmişdir. Özlüklərində çox unikaldır…
İradə Qədirova ©

Video

Paylaş
Müəllif: